Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, Xocalı rayon Statistika idarəsinin rəisi Dünyamin Əsədov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Əsədov Dünyamin Əmiraslan oğlu 18 yanvar 1965-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1972-ci ildə Zülfüqarlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə S.Ağamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstituna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirib təyinatla Ağdaş rayonunda 3 il işləmişdir, təyinat müddəti başa çatdıqdan sonra 1990-cı il dekabr ayının 25-dən Xocalı şəhərinə gedərək Xocalı şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin qiyabi şöbəsinə daxil olmuş və oranı bitirdikdən sonra da öz işimi davam etdirmişdir. Ümumi əmək stajı 30 ilə yaxındır, ondan 26 ildən çoxu dövlət qulluğundadır, 2017-ci ilin aprel ayında “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsinə layiq görülüb.
Ailəlidir, 4 övlad atasıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dünyamin Əsədov statistik məlumatların dəqiq və vaxtında toplanmasında uzun illər rəhbərlik etdiyi idarədə iş intizamına xüsusi diqqət yetirir və qayda-qanunlara əməl edilməsini nəzarətdə saxlayır. Dünyamin müəllimin qüsursuz fəaliyyətinin Cənab Prezidentimiz tərəfindən dəyərləndirilməsi onun əməyinə verilən ən böyük qiymətdir. Dünyamin Əsədovu Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə və Ölkə Prezidentinin Sərəncamına əsasən,"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyi üçün rayon ictimaiyyəti təbrik edir, ona cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayır.